Daxili xəbərİctimai-siyasiXƏBƏRLƏR

Milli Məclisin 2018-ci ildə son iclası keçirilib

Reform.az Azərtaca istinadən bildirir ki, dekabrın 28-də Milli Məclisin 2018-ci il payız sessiyasında son iclası keçirilib.
Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda 52 məsələyə baxılıb.
Əvvəlcə deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında məsələni təsdiq ediblər.
Sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik qəbul edilib.
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İcra haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Notariat haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Elektron ticarət haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Haqsız rəqabət haqqında”, “Xarici investisiyanın qorunması haqqında”, “İcarə haqqında”, “İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında”, “Qrant haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında” və “Nağdsız hesablaşmalar haqqında”, “Patent haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Kredit ittifaqları haqqında”, “Kredit büroları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında”, “Sosial sığorta haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda və Su, İnzibati Xətalar, İnzibati Prosessual, Miqrasiya, Mülki, Mülki Prosessual, Şəhərsalma və Tikinti, Gömrük və Vergi məcəllələrində dəyişik edilir. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi Mülki Məcəllənin müddəalarının nəzərə alınması və qanunun tətbiqi təcrübəsində yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edilib ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir. Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir. Sonra qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.
Əli Hüseynli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. Bildirilib ki, dəyişikliyə əsasən Qanunun 2.2-ci maddəsində “6 il” sözləri “7 il” sözləri ilə əvəzlənir.
Sənəd səsə qoyularaq qəbul edilib.
“Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edən Əli Hüseynli deyib ki, qanun layihəsinin məqsədi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri dövlət informasiya ehtiyatının tamlığının daha da gücləndirilməsi baxımından həmin sistemdə Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların da əks olunmasından ibarətdir. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Əli Hüseynli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliyin məqsədi müəlliflik və əlaqəli hüquqların nüsxələrinin qeyri-qanunu hazırlanmasının və yayılmasının qarşısının alınması sahəsində və nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı orqanlar (qurumlar) tərəfindən həyata keçirilməsindən ibarətdir. Sənəd səsvermə yolu ilə qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edilib ki, “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 29 iyun tarixli Qanunun icrası məqsədi ilə hazırlanıb. Bu qanun layihəsi də deputatlar tərəfindən dəstəklənib.
İclasda, həmçinin “İstehsalat və məişət tullantıları haqqında, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda, İnzibati Xətalar, Mülki Məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edərək deyib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Təklif olunan dəyişikliyə əsasən həmin istisnaya gömrük auditi də əlavə olunur. Bunla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməsi vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər. Sənəd səsə qoyularaq qəbul edilib.
Deputatlar Gömrük, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrini də nəzərdən keçiriblər. Hər iki sənəd səsvermə yolu ilə təsdiqlənib.
Ziyad Səmədzadə “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik satınalmalar sahəsində şəffaflığın təmini, müasir informasiya texnologiyalarından istifadə edilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
“Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri şərh edən Ziyad Səmədzadə bildirib ki, sənəd mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizini müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərinin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur. Sənəd səsvermə yolu ilə təsdiqlənib.
İclasda deputatlar “Yol hərəkəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İpoteka haqqında”, “İcra haqqında”, “Tibbi sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Müflisləşmə və iflas haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda və Mülki, Mülki Prosessual, Əmək, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə ediblər. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənəd səsvermə yolu ilə qəbul edilib.
İclasda Milli Məclisin sədrinin müavini Bahar Muradova “Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxuyub. Müraciət təsdiq edilib.
İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov 2018-ci il payız sessiyasının sona çatması ilə əlaqədar çıxış edərək deyib:
– Hörmətli deputatlar,
Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Eyni zamanda, biz qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlər nəzər salsaq inamla söyləmək olar ki, bu ildə parlament səmərəli fəaliyyət göstərib. Parlamentdə 31 iclas keçirilib, 463 qanun qəbul edilib. Yəni Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam yerinə yetirilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin parlament səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Bu il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından çox məhsuldar olub. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində dərindən və çox yüksək səviyyədə iştirak ediblər. İl ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilib. Deputatlarımız Türkiyədə keçirilən prezident və parlament seçkilərini, Rusiyada, Gürcüstanda və Monteneqroda prezident, Latviyada keçirilən parlament seçkilərində fəal iştirak ediblər.
Bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumiyyətlə, 2050 deputat və əcnəbi vətəndaş Milli Məclisdə olub.
Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirilib. Əlbəttə, ən möhtəşəm tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir idi. Bu tədbirdə dünyanın 44 ölkəsindən nümayəndələr iştirak edirdi. Siz hamınız bu tədbirin iştirakçısı oldunuz və bunun nə qədər təntənəli səviyyədə həyata keçirildiyini gördünüz. Eləcə də bu yaxınlarda Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı keçirildi. Bu iclasda da dünyanın 44 ölkəsinin 180 nəfər nümayəndəsi iştirak edib. Milli Məclisin plenar iclas zalında keçirilən həmin konfransın gənc iştirakçıları Azərbaycan haqqında çox yüksək təəssüratlarla vətənlərinə geri döndülər.
Hesab edirəm ki, biz 2018-ci ildə Milli Məclisin iclaslarını çox uğurla başa vurduq. Bayramlar münasibətilə bütün deputat həmkarlarımı ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə xoşbəxtliyi və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib.
Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin payız sessiyası öz işini başa çatdırıb.

Əlaqədar məqalələr