Prezident İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. İlham Əliyev də öz növbəsində Türkiyə Prezidentinə salamlarını yetirməyi xahiş edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan əməkdaşlığın getdikcə möhkəmlənməsindən məmnunluq ifadə edilib.

Tərəflər enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları barədə fikir mübadiləsi aparıblar. Hər iki ölkənin logistika baxımından Avropa ilə Asiya arasında körpü rolu, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və regional məsələlər də müzakirə olunub.

Reform.az şərhi: Görüşün gündəliyində yaşıl enerjinin və logistikanın ön planda olması təsadüfi deyil. Orta Dəhliz üzərindən yükdaşımaların və Xəzər regionundan Avropaya bərpa olunan enerji ixracı layihələrinin gündəmdə qaldığı bir vaxtda Bakı ilə Ankara arasında koordinasiya hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Səfər həm də BMT Baş Assambleyasının sessiyası dövrünə təsadüf edir ki, bu da beynəlxalq platformalarda mövqelərin uzlaşdırılması baxımından diqqət çəkir.

Mənbə: Publika.az, APA