Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Azerbaijan Green Energy Company” (AGEC) arasında Azərbaycanda 100 meqavat gücündə bərpa olunan enerji layihəsinin reallaşdırılması imkanlarının araşdırılmasına dair saziş imzalanıb.
“Masdar” günəş, quru və dəniz külək enerjisi, enerji saxlama sistemləri və hibrid həllər üzrə ixtisaslaşır. Şirkətin portfeli hazırda 65 giqavatdan çox gücü əhatə edir və 2030-cu ilədək bu göstəricinin 100 giqavata çatdırılması hədəflənir.
Şirkət Əbu-Dabidə “Emirates Water and Electricity Company” ilə birgə 5,2 giqavatlıq günəş elektrik stansiyası və 19 giqavat-saatlıq enerji saxlama sistemindən ibarət layihə üzərində də işləyir. Layihənin maliyyə bağlanışı 2026-cı ilin iyulunda baş tutub və o, fasiləsiz olaraq 1 giqavatadək baza gücü təmin edəcək.
Xatırladaq ki, “Masdar” Azərbaycanda 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasını artıq istismara verib.
Reform.az şərhi: 100 meqavat şirkətin qlobal miqyası ilə müqayisədə kiçik görünə bilər, lakin Azərbaycandakı ilk layihədən sonra yeni təşəbbüsə başlanması etimadın göstəricisidir. Bərpa olunan enerji layihələri daxili elektrik istehsalında qazın payını azaldaraq daha çox qazın ixraca yönəldilməsinə imkan yaradır — qaz ixracı gəlirlərinin azaldığı bir dövrdə bu, iqtisadi baxımdan da əhəmiyyətlidir.
Mənbə: Trend
