Çində sentyabrın 15-dən ölkəyə giriş və çıxışla bağlı yeni qaydalar qüvvəyə minib. Dəyişikliklər həm Çin vətəndaşlarına, həm də əcnəbilərə şamil olunur.
Yeni qaydalara əsasən, miqrasiya orqanları səfərin məqsədini təsdiqləyən əlavə sənədlər tələb edə biləcək. Səfər barədə yalan məlumat verən şəxslərə altı aydan üç ilədək ölkədən çıxış qadağası tətbiq oluna bilər. Hakimiyyət həmçinin riskli hesab edilən ölkələrə səfər edənlər üçün xəbərdarlıqlar dərc edəcək.
Qanunsuz vasitəçilik xidmətləri göstərənlər və saxta dəvətnamə hazırlayanlar 5 min yuandan 50 min yuanadək (təxminən 740–7 500 ABŞ dolları) cərimələnəcək.
Reform.az şərhi: Çinə işgüzar və turist səfərləri edənlər, xüsusən vasitəçi şirkətlərin xidmətindən istifadə edənlər üçün bu dəyişikliklər praktiki əhəmiyyət daşıyır. Səfərdən əvvəl sənədlərin yalnız rəsmi və etibarlı kanallardan əldə edilməsi və səfər məqsədinin sənədlərdə dəqiq göstərilməsi gələcəkdə problemlərin qarşısını ala bilər.
Mənbə: Oxu.az
