Qazaxıstanın Almatı şəhərində “Xalq sənətində zamanın ruhu” adlı sərgi açılır. 4 sentyabrdan 4 oktyabradək davam edəcək sərgi Qazaxıstan Respublikasının Mərkəzi Muzeyində təşkil olunur.
Sərginin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstanın Mərkəzi Muzeyidir.
Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsasən XIX–XX əsrlərə aid dekorativ-tətbiqi sənət nümunələri yer alır. Onların arasında Pirəbədil, Qobustan, Suraxanı, Fəxralı, Salahlı, Xanlıq və Mir xovlu xalçaları, həmçinin kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar var. Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalça məktəblərinin nümunələri ilə yanaşı, mafrəş, xurcun və çul kimi xalça məmulatları, bədii tikmələr, zərgərlik və bədii metal nümunələri, eləcə də ənənəvi Azərbaycan qadın geyimləri nümayiş olunur.
Sərgidə görkəmli xalçaçı rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş xüsusi bölmə də var. Burada ustadın qrafik xalça eskizləri, həmçinin “İkinci bahar” və “Xətai” kimi hazır əsərləri təqdim edilir.
Mənbə: The Nation