Azərbaycan Hava Yolları (AZAL) 15 sentyabr 2026-cı il tarixindən Bakı–Ciddə–Bakı istiqamətində müntəzəm reysləri bərpa edir. Uçuşlar həftədə dörd dəfə — çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Qırmızı dəniz sahilində yerləşən Ciddə Səudiyyə Ərəbistanının aparıcı iqtisadi, turizm və nəqliyyat mərkəzlərindən biridir. Şəhər həm də Məkkə və Mədinəyə gedən sərnişinlər üçün əsas hava qapısı rolunu oynayır.

Aviaşirkət bildirir ki, reyslərin bərpası Azərbaycanla Səudiyyə Ərəbistanı arasında səyahət imkanlarını genişləndirəcək, istirahət, işgüzar səfər və ziyarət məqsədilə uçan sərnişinlərə əlavə rahatlıq yaradacaq.

Biletləri AZAL-ın rəsmi saytından, mobil tətbiqindən, aviaşirkətin satış ofislərindən və akkreditə olunmuş turizm agentliklərindən almaq mümkündür.

Mənbə: AzerNews, Trend