Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 6 sentyabrda Hərbi Dəniz Qüvvələrində olublar. Səfər zamanı dövlət başçısına iki yeni pilotsuz dəniz platforması — SALVO silahlı pilotsuz su üstü gəmisi və KAYRA dəniz kamikadze dronu təqdim edilib. Sistemlərin texniki imkanları barədə məlumat verildikdən sonra onların nümayişi keçirilib.

Dronlar Müdafiə Nazirliyinin MİRAS Hərbi-Sənaye Şirkəti ilə Türkiyənin DEARSAN tərsanəsinin birgə müəssisəsində istehsal olunur.

SALVO çoxməqsədli və təkrar istifadə üçün nəzərdə tutulmuş platformadır. Alüminium gövdəli gəminin uzunluğu 14,79 metr, eni 3,85 metrdir. Maksimal sürəti 35 düyünü, fasiləsiz hərəkət sürəti 25 düyünü ötür, üzmə məsafəsi 400 dəniz milinə çatır. SALVO sahillərin və sərhədlərin patrulu, kəşfiyyat, qaçaqmalçılığa qarşı mübarizə, axtarış-xilasetmə əməliyyatları və su üstü hədəflərin məhv edilməsi üçün istifadə oluna bilər.

KAYRA isə hədəfə sürətlə yaxınlaşıb onu məhv etmək üçün nəzərdə tutulmuş kamikadze dronudur. Kompozit gövdəli, 7,6 metr uzunluğunda olan KAYRA-nın maksimal sürəti 60 düyünü ötür, üzmə məsafəsi 300 dəniz milidir. O, düşmən gəmiləri və patrul qayıqları, həmçinin dəniz bazaları və sahil infrastrukturu kimi hədəflərə zərbə endirmək üçün hazırlanıb.

Mənbə: Naval Today, JAMnews